Azərbaycan və Fransa ticarət-sənaye palatası yaradacaqlar. Müvafiq saziş artıq bu gün imzalanacaq.
Oxu.Az Apa-Economics-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Fransa biznes-forumunun açılışında Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, bugünkü forum çərçivəsində azərbaycanlı və fransız sahibkarları arasında birgə layihələrə dair ona yaxın maliyyə sazişi imzalanacaq.
Ş.Mustafayev qeyd edib ki, iki ölkə arasında ümumilikdə 45 müqavilə və müxtəlif sənədlər imzalanıb, onlardan 17-si iqtisadi əməkdaşlığa aiddir.
“Keçən il iki ölkə arasında əmtəə mal dövriyyəsi 1,56 milyard dollar, 2014-cü ildə isə 370 milyon dollardan ibarət olub, bu göstərici keçən ilin analoji dövrü üçün olan göstəricilərlə müqayisədə 50% artıb. Milyard dollardan artıq dəyəri olan birgə layihələr realizə edilib”, - nazir deyib.
Nazirin sözlərinə görə, Fransa Azərbaycan iqtisadiyyatına 2,4 milyard dollar investisiya qoyub. Bu investisiyaların əsas hissəsi – 2,2 milyon dolları neft sektorunun payına düşür.
Ş.Mustafayev fransız sahibkarlarını qeyri-neft sektoruna da investisiya qoymağa çağırıb.