Erməni mətbuatı Azərbaycanın “Eurovision”dakı final səsverməsi zamanı “saxtakarlığa” yol verməsi ilə bağlı iddia irəli sürüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, final səsverməsindən əvvəl keçirilən sınaq səsvermə zamanı ölkələr üzrə səs saylarını açıqlayan müğənni Səbinə Babayeva Azərbaycanın 10 balı İrlandiyaya göndərdiyini bildirib.
Bu açıqlamadan sonra isə danimarkalı aparıcılar İrlandiyanın finalda iştirak etmədiyini və ondan 10 səsi kimə göndərdiklərini yenidən açıqlamasını xahiş ediblər. Lakin Səbina Babayeva yenə də İrlandiyanın adını çəkib.
Erməni mətbuatı isə Azərbaycanın müsabiqədə biabır olduğunu yazıb.
Məsələ ilə bağlı axşam.az saytına açıqlama verən sənətçi deyib ki, sözügedən video mayın 9-da, finaldan bir gün öncə çəkilib:
“Mayın 9-da səsvermə prosesinin məşqləri oldu. Orada bəzi nüanslar - geyimi və səs yoxlanılırdı. Həmin video da məşq zamanı çəkilib. Bir çox insanlar bundan özünə lazım olan formada istifadə etdi. Həmin gecə heç bir qüsur olmayıb”.
Qeyd edək ki, sözügedən videoda Səbinə 8 səsi İtaliyaya, 10 səsi İrlandiyaya, 12 səsi isə İsveçrəyə verir.