İsveçin Allsvenskan çempionatının növbəti turunda futbol tarixində nadir rast gəlinən, bol qollu qarşılaşma baş tutub.
Oxu.Az "Pervıy sport" "Telegram" kanalına istinadən xəbər verir ki, AİK və "Brommapoykarna" komandaları arasında keçirilən matçın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. Lakin ikinci hissədə əsl qol şousu yaşanıb.
İkinci hissənin əvvəlindən hücuma keçən "Brommapoykarna" ardıcıl qollar vuraraq 75-ci dəqiqəyə qədər hesabı 5:1 edib. Lakin meydan sahibləri AİK möhtəşəm geridönüş edərək növbəti 23 dəqiqə ərzində hesabı bərabərləşdiriblər - 5:5.
Buna baxmayaraq, matçın əlavə olunmuş vaxtında "Brommapoykarna" altıncı qolu vuraraq 6:5 hesablı dramatik qələbə qazanıb.
Bu nəticə ilə komandalar İsveç çempionatında bir hissədə vurulan qolların sayına görə 1945-ci ildən bəri qeydə alınan rekordu yeniləyiblər. Həmçinin, Avropanın yüksək liqalarında keçirilən oyunların tarixində ilk dəfə qarşılaşmanın ikinci hissəsində 11 qol vurulub.