30 iyun 2014-cü il tarixində Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, sazişdə qeyd olunana görə, su elektrik stansiyalarının tikintisi və istifadəsi İran və SSRİ hökumətləri arasında sərhəd və maliyyə məsələləri üzrə 1954-cü il tarixli sazişin müddəalarına və ona əlavə edilmiş 1957-ci il sərhəd xəttinin təyin olunması və yenilənməsinə dair sənədlərdə, xəritələrdə qeyd olunan iki ölkə arasındakı sərhəd xəttində heç bir dəyişiklik etmədən olacaq. Bəndlər tikildikdən sonra iki ölkənin rəsmi sərhəd xətti onların üzərində müəyyən ediləcək.
Qeyd olunur ki, Ordubad və Marazad SES-lərin tikintisi və istismarı Araz çayının tərəflərə düşən su payında heç bir dəyişiklik yaratmayacaq. Buna əsasən tərəflər SES və onlara aid qurğuları iki dövlət arasındakı sazişlərə və protokollara uyğun olaraq iki ölkənin sərhəd bölgəsində su payına riayət edəcək şəkildə istismar edəcəklər.
Tərəflər SES-də istifadə üçün Araz çayından yönləndirdikləri suyu eyni həcmdə və eyni keyfiyyətdə qaytaracaqlarına dair öhdəliklər götürürlər.