Rusiya və Azərbaycan nümayəndələri sərhəddə Samur çayı üzərindəki körpü ilə bağlı məsələləri müzakirə ediblər. Müasir körpü keçidi il boyu avtomobil qovşağını təmin edəcək. Layihənin realizəsi dövlətlər arasında ticarət-iqtisadi əlaqələr üçün şərtləri yaxşılaşdıracaq.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüş fevralın 12-də Dağıstanın Məhərrəmkənd rayonunda baş tutub.
Müzakirədə “Rossiyskie avtomobilnie doroqi”nin rəhbəri Roman Starovoyt, Dağıstan Respublikasının rəhbəri Ramzan Abdulatipov, Rusiya Nəqliyyat Nazirliyinin yol təsərrüfatı sahəsində dövlət siyasəti Departamentinin direktoru İqor Kostyuçenko, “Qafqaz” MKİ-nin rəisi Ruslan Leçhacıyev, “Kaspiy” MKİ-nin rəisi Anatoli Volkov iştirak ediblər.
Azərbaycan tərəfindən Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, “YolAeroLayihə” İnstitutu” QSC-nin baş direktoru İlham Xudiyev və “Gidrotransproekt” ETM-nin direktoru Natiq Əliyev təmsil edib.
“Rossiyskie avtomobilnie doroqi”nin mətbuat xidmətindən verilən məlumata görə, Samur üzərində körpünün tikilməsinə dair danışıqlar davam edir. İclasda tərəflər layihə işlərinə, inşaatın maliyyələşdirilməsi, o cümlədən Rusiya və Azərbaycan tərəfindən layihənin maliyyələşdirilməsi, tərəflər arasında hesablar üçün valyuta seçimi məsələləri müzakirə edilib.
Xatırladaq ki, Samur üzərində “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Kazmalar” (Rusiya Federasiyası) keçid məntəqələri ərazisində körpünün layihəsi Azərbaycan və Rusiya hökumətləri arasında 2013-cü ilin avqust ayının 13-də qəbul edilmiş razılaşmaya əsasən qərara alınmışdı.
Samur üzərində hal-hazırda olan körpü isə 1953-cü ildə tikilib. O, yetərli yükqaldırma qabiliyyətinə malik deyil. Yeni körpünün tikilməsi haqqında qərar Azərbaycan və Rusiya arasında fasiləsiz avtomobil qovşağını təmin etmək məqsədi ilə qəbul edilib.