2014-cü ildə Azərbaycan rezidentləri dünyanın 150 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 110 ölkəyə əmtəə ixrac olunub, 137 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 33-ü Amerika, 43-ü Asiya ölkələri və digərləridir.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
2014-cü il ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 39,5 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 30,3 milyard dollar, idxalın həcmi 9,2 milyard dollar təşkil edib, nəticədə 21,1 milyard dollarlıq müsbət saldo yaranıb.
Qeyd edək ki, ixrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar təşkil edib.
Ölkəyə idxal olunan məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 1,7 milyard dollar təşkil edib. Hər nəfərə düşən qeyri-neft məhsullarının ixracı 181,6 dollara bərabər olub.
www.oxu.az