Azərbaycan Xəzərdə ən iri üzən gəmi təmiri yerini istismara verməyə hazırlaşır.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, hazırda “Zığ” Gəmi Təmiri Zavodunda yeni üzən təmir yerinin (dok) istismara verilməsinin sınaq işləri aparılır.
Rusiyanın Nijni Novqorod şəhərindəki Gəmi Təmiri-Gəmiqayırma Şirkətinin mütəxəssisləri 2013-cü ildə Bakıya yedəkdə gətirilmiş 6 blokun yerində birləşdirilməsini uğurla həyata keçiriblər.
Müstəqillik illərində Azərbaycan dənizçiləri üçün sifariş edilən ilk üzən gəmi təmiri yerinin yükqaldırma qabiliyyəti 8 min ton, uzunluğu 158 metr, eni 36,85 metr, bortunun hündürlüyü 13,35 metr olub.
Xəzər hövzəsində ən iri üzən təmir yerinin inşası gəmilərin sudan qaldırılaraq bərpa edilməsi sahəsində əhəmiyyətli yenilikdir.
Xatırladaq ki, bu müasir gəmiqaldırma vasitəsinin təməli Nijni Novqorodda 2012-ci ilin yanvarında qoyulub. Birinci blok həmin ilin noyabrında suya buraxılıb.