İyunun 27-də “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC ilə Belarus Respublikasının “BelAZ” ASC-nin “İrridio Motors” lizinq şirkəti arasında lizinq və zəmanət müqavilələri imzalanıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, imzalanma mərasimi “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin sədri Samir Cəfərov, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin direktoru Ələddin Sadıqov, “BelAZ” ASC-nin vitse-prezidenti Dimitri Zablodski, “İrridio Motors” lizinq şirkətinin direktoru Andrey Şerbakov və Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviçin iştirakı ilə keçirilib.
Müqaviləyə əsasən “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC 12 ədəd yeni “BelAZ” markalı karyer yük avtomobili alacaq.
Beynəlxalq lizinq müqaviləsi sərfəli maliyyə şərtləri ilə uzunmüddətli dövr üçün bağlanıb.
Belə ki, müqavilənin müddəti 4 il, ödəniləcək faiz dərəcəsi isə 4 faiz həcmində müəyyənləşdirilib.
Alınacaq “BelAZ-7547” markalı 10 avtomaşının yükgötürmə qabiliyyəti 45 ton, “BelAZ-75131” markalı 2 avtomaşınının yükgötürmə qabiliyyəti isə 140 tondur.
Həmin maşınlardan dəmir filizi hasilatında istifadə ediləcək, bununla da hasil olunan filizin maya dəyərinin azı 20 faiz aşağı düşməsinə imkan yaranacaq.