Azərbaycanda beynəlxalq maliyyə institutları ilə, o cümlədən QDTİB (Qara Dəniz Ticarət və İnkişaf Bankı) ilə əməkdaşlığa böyük əhəmiyyət verilir. QDTİB Azərbaycan iqtisadiyyatının özəl sektorunda fəal iştirak edən beynəlxalq maliyyə institutlarındandır və ölkəmizdə bir sıra layihələri maliyyələşdirib.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev QDTİB-nin nümayəndələri ilə görüşü zamanı bildirib.
Ş.Mustafayev 2015-ci il üçün Azərbaycan iqtisadiyyatına dair proqnozları bank nümayəndələrinin diqqətinə çatdırıb, sənaye, İKT, kənd təsərrüfatı, aqroparkların yaradılması, məişət tullantılarının təkrar emalı və sənaye parkları sahəsində əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.
QDTİB-in prezidenti İ.Delikanlı qeyd edib ki, hazırda daha iki layihəyə kredit ayrılacaq:
“İ.Delikanlı QDTİB-in Azərbaycanın inkişafında əhəmiyyətli olan layihələri dəstəklədiyini, hazırda daha iki layihəyə kredit ayrılması məsələsinin nəzərdən keçirildiyini bildirib. Görüşdə QDTİB-lə əməkdaşlığın gələcək istiqamətləri barədə müzakirələr aparılıb”.