Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindədir.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, bu ilin sonuna qədər nazirlik bu layihənin reallaşdırılmasına başlamaq niyyətindədir:
“Bu ilin sonuna kimi biz Sovet İttifaqı dövründə tikintisinə başlanılmış, lakin təxirə salınmış Nüvə Elektrik Stansiyasının tikintisini bərpa etmək niyyətindəyik. Bu layihə çərçivəsində nüvə reaktorlarının tikintisi nəzərdə tutulub. Yəqin ki, yaxın 3-4 il ərzində bu proses başa çatar”.
Qeyd edək ki, Fransanın “VINCI Construction Grands Projets” şirkətinin istismar üzrə direktoru Patrick Kadri Azərbaycanın Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması layihəsi çərçivəsində tikinti işlərinin həyata keçirilməsinə maraq göstərib. Şirkət nüvə sahəsində reallaşdırılan layihələr çərçivəsində 47 tikinti reallaşdırıb və bu sahədə beş ən iri şirkətdən biridir.
Bundan əlavə, bir daha Fransa şirkəti - “Areva”Azərbaycana nüvə energetika sahəsində dəstək olacaq - Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Milli Nüvə Araşdırmaları Mərkəzinin işini təşkil edəcək. Bu şirkət nüvə enerjisinin istehsalı sahəsində bütün fəaliyyət növləri üzrə təcrübəsi olan yeganə şirkətdir. (Trend).