Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı kunq-fu sanda üzrə dünya çempionu Ayaz Kamallıdır.
- Məşğul olduğun peşə elə bir peşədir ki, insanı tanıdır, cəmiyyətə sevdirir, nifrət etdirir və s. Məşğul olduğun idman növü səni sevdirib, ya necə?
- Hər zaman çalışmışam ki, məşğul olduğum iş və ya etdiyim hər bir hərəkətlə örnək olum. Kunq-fu sandayla məşğul olmuşam. Deməzdim ki, pis təsir edib və ya cəmiyyətdə məni pis tanıdıb. Yox, əksinə uğur qazandırıb.
- Necə oldu ki, bu idmanla məşğul oldun?
- Mən Kəlbəcərdə böyümüşəm. 1993-cü ildə Bakıya gəldik. İdmana marağım vardı. Atam hərbçi olub, ailədə qardaşım da idmanla məşğul idi və mənim də marağıma səbəb oldu. İdmana 12 yaşımda başlamışam. Döyüş növlərini sevirdim, ona görə də Rafiq Əliyevin yanında kunq-fuya getdim
- İlk yarış çətin olmur ki? Bilmirsən nə olacaq, necə olacaq, nə baş verəcək?
- Əslində hər yarış çətin və həyəcanlıdır. Amma çalışıb o həyəcanı dəf etmək lazımdır ki, bütün fikrin yarışda olsun. İlk yarışım 2000-ci ildə oldu və Bakı birinciliyi qazandım. 2001-ci ildə Respublika çempionu olmuşam, 2002-2003-cü ildə turnirlərdə iştirak etmişəm, qalib olmuşam. Bundan əlavə Qafqaz çempionu da olmuşam. 18 yaşımda 5 dəfə böyüklər arasında Respublika çempionu olmuşam.
- Bizim çempionat və onların çempionatı?! Hansı çətinliklər var məhz onlarda?
- 2008-ci ildə İtaliyada keçirilən dünya çempionatında 1-ci yeri qazanmışam və qızıl kəmərə sahib olmuşam. Daha sonra Gürcüstanda qalib olmuşam. Bizim çempionatlarda özünü sınayırsan və artıq bilirsən ki, nələri edə bilərsən, nələri yox. Əgər bacarırsansa başqa ölkələrdə də çıxış edirsən. Bununla da həm özünü sınayırsan, həm də qalib olanda bayrağımızı qaldırırsan.
- İdmançılar əksər hallarda bərabər olaraq başqa idmanla da məşğul olurlar. Sən necə?
- Futbolu çox sevmişəm, məşğul da oluram. O vaxtı gedirdim futbola, amma davam etmədim. Həm də bu qədər inkişaf etməmişdi. Əgər indiki kimi olsaydı, yəqin ki, davam etdirərdim. Çünki futbol oynamağı çox sevirəm, amma belə kikboksinqlə məşğul olmuşam, yarışlara çıxmışam, turnirlərdə iştirak etmişəm.
- Futbol demişkən, əksəriyyət öz futbolçularımızı tanımır. Sən kimləri tanıyırsan, bəyənirsən?
- Ruslan Abışovu, Mahir Şükürovu, Kamran Ağayevi, Rəşad Sadıxovu, Maksim Medvedevi bəyənirəm, yaxşı oyunçulardır.
- Kunq-fu sanda necə idman növüdür?
- Ağır idman növüdür. Şərq döyüş növlərinə aiddir. Bu idmanla məşğul olmaq, döyüşmək başqa hissdir.
- Səhv etmirəmsə idmandan ayrıldığın il 2008-ci il idi?
- Bəli, 2008-ci ildə idmandan ayrıldım. Səbəb zədələrim idi və ağır məşq etmək olmazdı.
- Amma belə tez idmandan ayrılmağını yəqin ki, istəməzdin?
- Təbii ki, məşğul olduğum idman çətin idman növüdür, həm də insan nəsə edirsə o zəhmətin qarşılığını görmək istəyir.
- Bundan sonra qayıtma ehtimalı varmı?
- Bəlkə də... Amma hal-hazırda işlərim çoxdur. Özüm Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Siyasi idarəetmə təhsili almışam. Çalışacam ki, ixtisasımla bağlı işlər görüm.
Nərmin Kazımova
Foto: Asif Əliyev
www.oxu.az