44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının üzərinə mühüm vəzifələr düşüb.
Oxu.Az qeyd edir ki, onlar müharibənin gedişində, eləcə də ərazilərimiz işğaldan azad edildikdən sonra təhlükəsizliyin təmin olunması istiqamətində böyük işlər görüblər.
Döyüş əməliyyatları zamanı ANAMA əməkdaşları partlamamış hərbi sursatların aşkarlanması və zərərsizləşdirilməsi ilə məşğul olublar.
Azad olunmuş ərazilərdə Ordumuzun təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək üçün yolların və ətraf ərazilərin partlayıcı sursatlardan təmizlənməsində iştirak ediblər.
Bu işlər hərbi əməliyyatların gedişində mühüm əhəmiyyət daşıyıb.
Postmüharibə dövründə isə onların fəaliyyəti daha geniş miqyas alıb. İşğaldan azad edilmiş torpaqlarda mina və partlamamış hərbi sursat təhlükəsinin aradan qaldırılması Böyük Qayıdış prosesinin əsas şərtlərindən birinə çevrilib. Çünki həmin məkanlarda yaşayış məntəqələrinin bərpası, yolların çəkilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi və insanların doğma yurdlarına qayıtması ilk növbədə təhlükəsizliyin təminini tələb edir.
ANAMA əməkdaşları bəzən gözlə görünməyən, lakin nəticələri insanların həyatı üçün son dərəcə vacib prosesi reallaşdırırlar.
Onların fəaliyyəti yalnız mina və sursatların zərərsizləşdirilməsi ilə məhdudlaşmır. Hər təmizlənən ərazi, təhlükəsiz vəziyyətə gətirilən hər yol azad edilmiş torpaqlarda həyatın yenidən canlanmasına xidmət edir.
Bu baxımdan ANAMA əməkdaşları müharibənin və postmüharibə dövrünün görünməyən qəhrəmanlarıdır. Minatəmizləyənlər döyüş meydanında deyil, ölüm təhlükəsinin hər addımda mövcud olduğu ərazilərdə çalışaraq Azərbaycanın bərpa və quruculuq prosesinə töhfə verirlər. Böyük Qayıdışın təməlində də məhz bu fədakar əməyin mühüm payı var. İnsanların doğma yurdlarına təhlükəsiz qayıtması üçün əvvəlcə torpaq minalardan təmizlənməli, həyat üçün təhlükəsiz vəziyyətə gətirilməlidir. Bu işi isə onlar həyata keçirirlər.
ANAMA əməkdaşlarının fəaliyyətləri ilə bağlı Oxu.Az-a verdikləri videomüsahibəni təqdim edirik: