"Merlər Razılaşması" proqramı çərçivəsində Azərbaycan bələdiyyələri üçün ümumi dəyəri 5 milyon avro təşkil edən layihələrin reallaşdırılması nəzərdə tutulur.
Oxu.Az-ın Naxçıvana səfər edən əməkdaşının verdiyi məlumata görə, bu barədə "Merlər Razılaşması - Şərq Tərəfdaşlığı" təşəbbüsünə həsr olunmuş tədbirdə proqramın Yerli Dayanıqlı İnkişaf koordinatoru Maksim Vereşçak danışıb.
M.Vereşçak qeyd edib ki, hazırda Azərbaycanda 6 bələdiyyəyə layihələrin hazırlanması istiqamətində dəstək verilir:
"Layihələrin maliyyələşdirilməyə tam hazır olması məqsədilə ictimai və yaşayış binalarının enerji auditi aparılıb. Hazırda potensial sərmayədarlara təqdim etmək üçün 11 bina üzrə 11 sənəd paketimiz mövcuddur. Sözügedən layihələrin ümumi büdcəsi 5 milyon avrodan artıqdır".
Layihələrin Şəki, Xırdalan, Mingəçevir, Gəncə, Yevlax və Şamaxıda reallaşdırılması planlaşdırılır: "Bu çərçivədə Mingəçevirdə 3 yaşayış binası, Xırdalanda 1 məktəb və 1 bağça, Şəkidə 3 uşaq bağçası, Yevlaxda isə 2 məktəb və 1 uşaq bağçası nəzərdə tutulur. Layihələrin icrası nəticəsində bələdiyyələr illik 200 min avro vəsaitə qənaət edəcəklər. Bundan əlavə, 3 300 meqavat elektrik enerjisinə qənaət edilməsi gözlənilir ki, bu da illik karbon emissiyasının 660 ton azalması deməkdir".
Məlik Məlikov