Azərbaycanda “Premium Euro-95” markalı benzinin qiyməti artıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, ölkəyə xaricdən gətirilən və qiyməti bundan əvvəl 93 qəpiyə satılan bu növ yanacaq 4 qəpik artaraq 97 qəpik olub.
Ölkədə geniş yanacaqdoldurma məntəqələrinə (YDM) sahib olan şirkətlərdən APA-Economics-ə verilən məlumata görə, qiymət artımı bu gündən etibarən baş verib.
“Lukoyl Azərbaycan” şirkətindən bildirilib ki, “Premium Euro-95” markalı benzini Azərbaycan Dövlət Neft Şirkətinin tövsiyə etdiyi qiymətə uyğun olaraq satır:
“Bildiyiniz kimi, bu növ yanacaq sərbəst qiymətlərlə satılır və gecə saatlarından etibarən qiymət 97 qəpik təşkil edib”.
“Azpetrol” şirkətindən APA-Economics-ə bildiriblər ki, sözügedən yanacaq markasının qiymətinin artmasına səbəb dünya bazarlarında neftin qiymətinin dəyişilməsidir:
“Azərbaycanda yalnız iki şirkət - SOCAR və “Azpetrol” “Premium Euro-95” markalı benzinin ölkəyə gətirilməsi ilə məşğuldur. “Azpetrol” adıçəkilən benzin markasını Yunanıstandan idxal edir. Dünya bazarında neftin qiymətində baş verən artım “Premium Euro-95” markalı benzinin satış qiymətinə təsirini göstərib”.
Qeyd edək ki, Azərbaycanda yanacaqdoldurma məntəqələrində satılan “Premium Euro-95” benzini ölkəyə xaricdən idxal edilir və idxal edilən benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir.
09:35
Azərbaycanın yanacaqdoldurma məntəqələrinə yenicə gətirilmiş “Premium Euro-95” markalı benzinin qiyməti qalxıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə oxucular məlumat verib.
Belə ki, iki gün bundan əvvəl 93 qəpiyə satılan “Premium” artıq 4 qəpik artaraq 97 qəpik olub.
