“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqram”ı çərçivəsində bu günə kimi Bakı-Böyük Kəsik istiqamətində 263, 7 kilometr dəmir yolu əsaslı təmir olunub.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” qapalı səhmdar cəmiyyətindən (QSC) verilən məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun təmiri çərçivəsində bu gün dəmir yolunun Müsüslü-Bərgüşad mənzilində 12 kilometr yolun əsaslı təmirinə başlanılıb.
Səhər tezdən start götürən təmir işləri bu ayın sonunadək davam edəcək.
Bildirək ki, əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” məhdud məsuliyyətli cəmiyyətin (MMC) müəssisələri həyata keçirir.
Təmir prosesini Çexiyanın “İxrac” bankının nəzarət qrupu müşahidə edir.

www.oxu.az