Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda gələn ildən dövlət satınalmaları tamamilə rəqəmsal platformalarla olacaq
Azərbaycanda gələn il yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqi ilə dövlət satınalmalarının 100 % rəqəmsal platformalar vasitəsilə təşkil edilməsi və aparılması nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.
“Qanun beynəlxalq təcrübəyə uyğun hazırlanıb, bu zaman dövlət təşkilatlarından və bazardan alınmış fikirlər əsasında proseslərin, mənfi məqamların hamısı qiymətləndirilib. Nəticədə yanvarın 1-dən Azərbaycanda dövlət satınalmalarının hamısı rəqəmsal platformalar vasitəsilə aparılacaq. Bunun faydaları böyük olacaq. Biz dövlət satınalmalarına yalnız dövlət vəsaitlərindən səmərəli istifadə yox, həmçinin sahibkarlığın inkişafına dəstək baxımından yanaşırıq. Yeni qanunla tətbiq edilən rəqəmsallaşmanın yalnız əlçatanlıq, şəffaflıq cəhətdən deyil, bir müddətdən sonra dövlət satınalmaları üzrə dərin datanın tətbiqi nəticəsində alternativ, daha effektiv və daha səmərəli həllərin ortaya çıxması baxımından faydalı olacağına inanırıq. Artıq yeni qanuna uyğun olaraq dövlət satınalmalarının elektron platformasının təkmilləşdirilməsinin son mərhələsindəyik. Süni intellekt vasitəsilə dövlət satınalmalarındakı nöqsanların aşkar edilməsi üzrə tərəfdaş şirkətlərlə işləyirik”, - deyə o qeyd edib.
M.Abbasbəyli vurğulayıb ki, Dövlət Xidməti həm də rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi üzrə çalışır:
“Hər bir sahə üzrə əsas fokusumuz bu sahənin rəqəmsallaşdırılmasıdır. Artıq Dövlət Xidmətinin rəqabət platformasının və keyfiyyət platformasının da formalaşması son mərhələdədir. Bu platformaların da tətbiqindən sonra xidmətin bütün fəaliyyət istiqamətləri rəqəmsallaşdırılacaq”.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Elnur Əliyev: "Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək"
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"