"Minimum əməkhaqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb".
Oxu.Az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklərdən biri də minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir:
"Bu mexanizmin tətbiqi ilə əlaqədar artıq Nazirlər Kabinetində işçi qrupu yaradılıb. Həmin işçi qrupunda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Təbii ki, işçi qrupunda məsələyə baxılarkən həm "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq, həm də hər bir tərəfin rəhbərlik etdiyi və siyasətini həyata keçirdiyi orqanların, təşkilatların xüsusiyyətləri əsas götürüləcək. Bununla da minimum əməkhaqqının saatlıq məbləğinin və ümumi məbləğinin müəyyən edilməsi təmin olunacaq".