Nazirlik tərəfindən daş karxanalarına qarşı reyd keçirilib.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Belə ki, Bakının Qaradağ rayonunda yerləşən “Tutu” MMC-yə məxsus mişar daşlarının istehsalı sahəsində (daş karxanası) aparılan dövlət nəzarəti nəticəsində müəssisədə əməyin mühafizəsi norma və standartlarına əməl olunmadığı, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlərin həyata keçirilmədiyi, işçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmadığı aşkar edilib.
Əmək şəraitinin işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükə doğurduğu bu istehsalat sahəsində eyni zamanda işçilərin böyük qisminin qeyri-leqal əmək fəaliyyətinə cəlb edildiyi də məlum olub. Müəssisədə aşkar olunan hüquq pozuntuları aradan qaldırılanadək işlər dayandırılıb, həmçinin müəssisənin sahibinə icrası məcburi olan göstərişlər verilərək, icrası nəzarətə götürülüb.
““Xəzri-E” MMC-də aparılan araşdırma da burada əmək qanunvericiliyinə əməl olunması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində ciddi nöqsanların aşkar edilməsi ilə nəticələnib. Bu müəssisədə də nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb” - deyə, nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, adıçəkilən müəssisələrə 2015-ci ilin əvvəllərində nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması tövsiyə olunmuşdu.