Ölkəmizdə İKT sahəsində çalışan sahibkarlar və şirkətlər güzəştli kreditlər ala bilərlər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İnformasiya Texnologiyalarının İnkişafı fondu müvəkkil banklar vasitəsilə İKT sahəsində çalışan sahibkarlara güzəştli kreditlər ayıracaq.
Verilən kreditlərin maksimum məbləği 5 milyon manat təşkil edəcək, kreditin müddəti 10 il, faiz dərəcəsi isə 5%-ə qədərdir.
Fondun icraçı direktoru Elçin Zeynalovun sözlərinə görə, güzəştli kredit əldə etmək istəyən sahibkarlar fevral ayından etibarən öz layihələrini (biznes-planlarını) banklara təqdim edə bilərlər. Layihələrin əhatə dairəsi isə müxtəlif ola bilər:
“Ümumiyyətlə, texnologiya sahəsində, hansısa elektron avadanlıqların qurulmasında, ya proqram təminatında, ya hansısa aplikeyşnların yazılmasında, internet bankinq, internet üzərindən bütün bizneslərin maliyyələşdirilməsinə fondun imkanı var”.
Layihələr banklara təqdim edildikdən sonra təhlil aparılacaq. Bank bu layihəni maliyyələşdirməyə razılıq verdikdən sonra fonda təhvil veriləcək. Fond isə bu biznes layihələrini öz fəaliyyət istiqamətlərinə uyğun hesab etsə, sahibkarlara güzəştli kreditlər veriləcək. Əsas risklər banklar üzərində olduğundan təqdim olunan layihənin gəlirliliyinə və biznes baxımından effektivliyinə daha çox diqqət yetiriləcək. 2014-cü ilin dövlət büdcəsində fonda 5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Təklif olunan xidmətlər arasında qrant maliyyələşməsi və investisiya fəaliyyəti də mövcuddur. Qrantlar kiçik, orta və böyük həcmli olmaqla 3 növə ayrılır. Kiçik qrantlar - 100 min manat , orta - 200 min manat , böyük qrantlar isə 300 min manata qədərdir.
Maksimum həddən yararlanmaq istəyən sahibkarlar son mərhələdə mütləq ya xarici, ya da yerli investor partnyorluğunu təqdim etməlidirlər. Heç bir layihə birdən-birə maliyyələşmir. Mərhələli olaraq müəyyən şərtlərlə maliyyələşir.
İnvestisiya layihələrinə gəlincə, Fond xarici investorların təklif etdiyi hər hansı layihədə payçı qismində iştirak edə bilər. Yeniliklərdən biri də ondan ibarətdir ki, fond xarici investorların İKT sahəsinə investisiya qoyuluşuna da təminat verir.