Fevralın 21-də baş verən devalvasiya zamanı Azərbaycanda ərzaq məhsullarının qiymətində artım baş verdi. Düzdür, sonradan aidiyyatı qurumlar məsələyə müdaxilə edib, bazarda qiymətləri əvvəlki səviyyələrinə qaytarsalar da bu insanlar arasında böyük narazılığa səbəb olmuşdu.

Bu gün, yəni dekabrın 21-də ölkədə manatın növbəti korreksiyası həyata keçirildi. 1 dollar 1 manat 55 qəpik-ə qədər bahalaşdı. Sözsüz ki, bu vəziyyətdən yararlanmaq istəyən kifayət qədər işbazlar tapılacaqdı.
Elə bu məqsədlə, Oxu.Az-ın əməkdaşları Azərbaycan Mərkəzi Bankının son qərarından sonra bazarda qiymətlərlə tanış olmaq üçün bir sıra iri supermarket şəbəkələrində olub.
Apardığımız araşdırma zamanı məlum oldu ki, bəzi məhsulların qiyməti 3-7 qəpik arasında dəyişib. Baxmayaraq ki, manatın məzənnəsi dəyişilmişdi, amma insanlar arasında ötən devalvasiya zamanı müşahidə edilən ajiotaj yox idi. Alıcılar sakit və narazılıq etmədən məhsulları alır və gedirdilər. Amma bununla belə, bəzi supermarketlərdə satıcılar qiymətləri yenisi ilə əvəzləyirdi.

Müşahidə apardığımız başqa bir mağazada isə satıcılar bəzi məhsulların alınmamasından şikayətlənirdilər. Amma onların danışdıqlarına görə, dolların bahalaşması əllərində olan məhsulların tez bir zamanda satılmasına kömək olacaq.

Supermarketlərdə siqaretin satışı dayandırılıb
Monitorinq apardığımız mağazaların birində siqaretin satışı dayandırılmışdı. Bəzilərində isə çeşidlərin sayı kifayət qədər az idi.
Yumurtanın qiyməti 1 qəpik bahalaşmışdı
Yumurtanın qiyməti 1 qəpik bahalaşmışdı. Belə ki, 10 ədəd yumurtanın qiyməti 1 manat 65 qəpik olmuşdu.

Mineral suların qiymətində 5 qəpik (hazırda 1,04, 1,05 qəpik) coca-colanın qiymətində (hazırda 42 qəpik) isə cüzi də olsa, yəni 2 qəpik bahalaşma müşahidə edilirdi.

Əsas tələbat malları olan çörək, un, makaron, kolbasa, çay və s. qiymətində isə artım müşahidə edilmirdi.

Süd məhsullarının da qiymətində bahalaşma müşahidə edilirdi
Südün qiyməti 1 manat 29 qəpik, qatığın qiyməti 1 manat 3 qəpik, balaca plastik qabda qablaşdırılmış dovğanın qiyməti 53 qəpik olmuşdu.
Monitorinqin nəticələrindən belə anlamaq olar ki, hələ ki bahalaşma tələbat çox olmayan məhsullar üzərində aparılır. Düşünürük ki, bu isə alıcıların diqqətini çox da çəkməmək üçün atılan addımdır.
Ülviyyə R. Əli
www.oxu.az