Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci ilin iyulun 1-nə olan məlumatına görə, zamin şəxslərin sayı isə son bir ayda daha 12 min 390 nəfər artaraq, 1 milyon 141 min 528 nəfər olub.
Statistikadan da aydın olur ki, kreditlərin yarıdan çoxu məhz zamin əsasında verilib. Borclu krediti ödəməkdən imtina etdiyi təqdirdə, bank qarşısında məsuliyyət daşıyan ikinci şəxs belə deyək, zamin olur.
Zamin şəxslərin sayının artdığını nəzərə alaraq sual yaranır ki, zaminliyə hansı halda xitam verilə bilər və zamin borcu ödəmədiyi təqdirdə hansı vəziyyət yarana bilər?
“Azcoll” kollektor şirkətinin rəhbəri Pərviz Məmmədov zaminliyə xitam verilməsi halları ilə bağlı Oxu.Az-a bildirib ki, bu məsələlər Mülki Məcəllənin 477-ci maddəsində öz əksini tapıb.
Belə ki, 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir:
477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;
477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;
477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;
477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Bundan başqa, P. Məmmədov qeyd edib ki, borcu ödəmədiyi təqdirdə, borclu üçün nəzərdə tutulan bütün cəzalar zamin üçün də keçərlidir:
“Öhdəliyi qəsdən icra etmirsə, yəni krediti imkanı ola -ola ödəmirsə, bu halda məhkəmə qərarını icra etməməyə görə cinayət məsuliyyəti var, yəni borclu üçün nəzərdə tutulan cəzalar zamin üçün də keçərlidir” - deyə, o bildirib.
Ülviyyə R. Əli
www.oxu.az