İsmayıllı rayonu ərazisindən keçən Mehmanxalı çayı üzərindəki avtomobil körpüsü qəzalı vəziyyətə düşüb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, ötən gün saat 23:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 3 km-də Mehmanxalı çayı üzərindəki körpüdən normadan bir neçə dəfə artıq yüklənmiş “ŞAQMAN” markalı ağır tonnajlı yük maşını keçib.
Nəticədə, ikiaşırımlı körpünün birinci aşırımının bütün tirləri sınıb, nəqliyyat vasitəsi ikinci aşırımı keçərək asılı vəziyyətdə qalıb.
Onun sözlərinə görə, uzunluğu 34 m, eni 7 m olan yol bağlanıb, nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb.
Sürücülər üçün Yekəxana kəndi ərazisindən alternativ yol salınıb.
Hazırda qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə ərazidə texniki xidmət sahəsinin işçiləri çalışır.