Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan nəzərdə tutulandan artıq neft və qaz hasil edilib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, “Azneft” İB-dən verilən məlumata görə, cari ilin yanvar-aprel aylarında plan üzrə 2 milyon 238 min 870 ton neft hasilatı nəzərdə tutulduğu halda, faktiki olaraq 2 milyon 297 min 559 ton neft hasil olunub. Plan 102,6 faiz ödənilib.
Neft təhvili planı isə 102,4 faiz yerinə yetirilib ki, 2 milyon 228 min 165 tona qarşı 2 milyon 281 min 379 ton neft təhvil verilib.
“Yanvar-aprel aylarında İB-də plan üzrə 2 018 660 min kubmetr təbii qazın hasil olunması nəzərdə tutulduğu halda, bu rəqəm 2 975 508 min kubmetrə bərabər olub. Plan 117,7 faiz yerinə yetirilib. Qaz satışı planına isə 132,6 faiz əməl edilib. Bu müddətdə 1 710 300 min kubmetr təbii qazın satışı nəzərdə tutulduğu halda, faktiki olaraq 2 267 577 min kubmetr “mavi yanacaq” satışı həyata keçirilib”, - məlumatda deyilir.
Qeyd edilir ki, hesabat dövründə 1 118 quyuda texniki tədbir nəzərdə tutulduğu halda, faktiki olaraq 1 566 quyuda texniki tədbir görülüb. Nəticədə 15 min 117 tona qarşı, 19 min 808 ton əlavə neft çıxarılıb.
“2014-cü ilin ötən dörd ayında 229 geoloji tədbirə qarşı, 254 quyuda geoloji tədbir görülüb. Nəticədə 29 min 79 ton neft hasilatı planlaşdırıldığı halda, faktiki olaraq bu rəqəm 44 min 763 tona bərabər olub.
Hazırda İB-nin ümumi istismar quyu fondu 3 min 635-ə bərabərdir. Onlardan 3 min 197-si fəaliyyətdə olan quyu fonduna, 422-si fəaliyyətsiz fonda daxildir. On altı quyu isə mənimsəmədədir”, - məlumatda deyilir.