Təhsil Nazirliyi 2014-cü ilin ilk yarımilində övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan uşaqların sayını açıqlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sorğuya cavabda qeyd olunana görə, 8-18 yaş arası 5 uşaq övladlığa verilib. Övladlığa verilən 5 nəfər uşaqdan biri sağlamlıq imkanları məhdud uşaqdır.
“Uşağın övladlığa verilməsi barədə məhkəmə tərəfindən verilən qərar onun övladlığa götürülməsi üçün əsas hesab edilir. Məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən sonra övladlığa verilən uşaq müəssisəni tərk edir və onu övladlığa götürən valideynin yanında, onun himayəsində yaşayır. Övladlığa götürülən məktəbyaşlı uşaq təhsilini isə onu övladlığa götürən valideynlərin seçiminə əsasən, ümumtəhsil məktəblərindən birində davam etdirir” - deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin məlumatlarına görə, təkcə 2013-cü ildə ABŞ-da 7000-dən çox uşaq övladlığa götürülüb. Onu da qeyd etmək lazımdır ki, həmin ölkədə və dünyanın digər inkişaf etmiş ölkələrində övladlığa götürməyə görə heç bir əlavə ödəniş verilmir. İnsanlar bunu yalnız könüllü əsaslarda, mərhəmət hissini əldə rəhbər tutaraq edirlər.