Azərbaycanın dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması gözlənilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib.
“Hazırda məsələ ilə bağlı qanunvericiliyin hazırlanması mərhələsindəyik. Bunun üçün beynəlxalq təcrübəni nəzərə almaq və mühüm təcrübəyə malik beynəlxalq ekspertləri dəvət etmək üçün Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində “Tvinninq” layihəsi hazırlanıb. Layihə artıq təsdiq edilib, icraçı təşkilatlar seçilib”, - deyə, o bildirib.
Bu sahədə Azərbaycanın iki tərəfdaşı var - biri Latviya, ikinci isə Almaniyadır. Bu ölkələrin ekspertləri ilə aparılan ilkin müzakirələr tamamlanıb.
DSMF sədri bu sahədə hələlik bir çox sualların olduğunu da qeyd edib. O bildirib ki, ilk növbədə istər dövlət pensiya sistemində yığım komponentinin tətbiqi, istərsə də qeyri-dövlət pensiya fondlarının yaradılmasının kənar amillərdən asılılığı mövcuddur.
“Burada əsas məsələ vətəndaşın fərdi hesabında real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən sonra, onun pensiyaya çıxacağı vaxta qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə bazarının mənfi tendensiyalarından qorunmasıdır. Ona görə də qeyd edilən komponentlərin tətbiqi ölkədə maliyyə bazarının inkişafını qabaqlamadan reallaşdırmaq lazımdır”, - deyə E.Mehdiyev əlavə edib.
Məsələ ilə bağlı ikinci mühüm amilin yığım hesabları vasitələrinin hansı mənbə hesabına formalaşması olduğunu açıqlayan Fond sədri qeyd edib ki, bir çox ölkələrdə bu, məcburi, digərlərində könüllü yığım komponentləri şəklində tətbiq olunur.
E.Mehdiyevin sözlərinə görə, qlobal maliyyə böhranı və Fondun təcrübəsi göstərib ki, bir çox ölkələr məcburi yığım komponentindən imtina edib. Çünki məcburi yığılan vəsaitlər dövlət tərəfindən yerləşdirildikdən sonra, onlar konkret divident gətirilməli olduğu halda, bu, baş verməyib, əksində, sistemdə çökmə baş verib.
“Sənəd təsdiq olunandan sonra, ölkədə yığım komponentinin tətbiqi, həm də qeyri-dövlət pensiya fondlarının hansı əsaslarla fəaliyyət göstərəcəyinin aydın elementləri məlum olacaq. Məhz bu əsaslarla da normalara uyğun olaraq “Tvinninq” layihəsi ilə qanunvericilik formalaşdırılacaq”, - deyə Fondun sədri vurğulayıb.