Qurban bayramı zamanı qurbanlıq qoyunların çatışmazlığı probleminin yaşanıb, yaşanmayacağı ilə bağlı indidən nəsə demək mümkün deyil, həmçinin bu barədə şərh etmək də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin səlahiyyətində deyil.
Oxu.Az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənov “Qurban bayramı vaxtı qurbanlıq qoyun çatışmazlığı problemi yaşana bilərmi?” sualını şərh edərkən bildirib.
Onun sözlərinə görə, belə bir problemin yaranmağı iş adamlarının gətirəcəyi heyvanların sayından asılıdır:
“Təminat olmadığı təqdirdə iş adamları xaricdən heyvan gətirə bilər, buna heç bir qadağa yoxdur. Azərbaycanda heyvan çatışmazlığından söhbət getmir, iş adamıdır, ucuz alıb gətirib bazarda öz xeyri naminə baha satır. Həmişə bazara heyvanı onlar gətirib, əvvəlki illərdə də qurbanlıq qoyunları onlar gətirib, belə bir problem yaşanmayıb”.
Nazirliyin rəsmisi həm iş adamlarına, həm də qurbanlıq qoyun alan vətəndaşlara diqqətli olmağı tövsiyə edib:
“Hər il olduğu kimi cari ildə də biz ölkəyə idxal edilən heyvanların birinci növbədə baytarlıq sənədi (yəni bu heyvanlar hardan gətirilib, onlara əvvəllər hansı xəstəliklərə qarşı vaksinlər vurulub və s.) əsasında gətirilməsini tövsiyə edirik.
Vətəndaşlar isə öz növbəsində, qurbanlıq qoyun alarkən sahibkardan həmin sənədləri tələb etməlidirlər. Bu halda heyvanların sağlamlığına təminat vermək olar” - deyə, Yolçu (Xanvəli) Həsənov qeyd edib.
Ülviyyə R. Əli
www.oxu.az