Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 2026-cı il üçün iş vaxtı normasını və istehsalat təqvimini rəsmən təsdiq edib. Bu mühüm sənəd vətəndaşların və işəgötürənlərin növbəti il üçün iş və istirahət günlərini planlaşdırmasına imkan verəcək.
Oxu.Az-ın məlumatına görə, nazirlikdən verilən açıqlamada 2026-cı il üçün bütün bayram və istirahət günləri detallı şəkildə göstərilib.
2026-cı ildə iş günü hesab edilməyən bayram və xüsusi günlər:
- 1-2 yanvar - Yeni il bayramı
- 20 Yanvar - Ümumxalq Hüzn Günü
- 8 Mart - Beynəlxalq Qadınlar Günü
- 20-24 mart - Novruz bayramı (beş gün)
- 20-21 mart - Ramazan bayramı (Novruzla üst-üstə düşür)
- 9 May - Faşizm üzərində Qələbə Günü
- 27-28 may - Qurban bayramı
- 28 May - Müstəqillik Günü (Qurban bayramı ilə üst-üstə düşür)
- 15 İyun - Milli Qurtuluş Günü
- 26 İyun - Silahlı Qüvvələr Günü
- 8 Noyabr - Zəfər Günü
- 9 Noyabr - Dövlət Bayrağı Günü
- 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
2026-cı ildə əlavə istirahət günləri:
Beşgünlük iş həftəsində 9, 25, 26, 27 və 30 mart, 11, 29 may, 10 noyabr tarixləri, altıgünlük iş həftəsində isə 25, 26 mart, 29 may və 10 noyabr tarixləri əlavə istirahət günləri kimi müəyyənləşdirilib.
Qeyd edək ki, 2026-cı ildə üç bayram günü (Ramazan bayramının iki günü və Müstəqillik Günü) digər bayramlarla üst-üstə düşdüyünə görə, bu üst-üstə düşmələr nəzərə alınmaqla il ərzində ümumilikdə 19 bayram günü (onlardan üçü üst-üstə düşən) və bir Ümumxalq Hüzn Günü var.
İş vaxtı norması haqqında əsas məlumatlar:
2026-cı ildə beşgünlük iş həftəsi rejimində işləyənlər üçün:
- 241 iş günü (onlardan beşi bayramqabağı, biri Ümumxalq Hüzn Günü qabağı günlərdir);
- 107 istirahət günü (beşi iş günü hesab edilməyən bayram günləri ilə, üçü isə bayramların üst-üstə düşməsi səbəbindən müəyyən edilən).
Xatırladaq ki, Əmək Məcəlləsinə uyğun olaraq, Azərbaycanda gündəlik normal iş vaxtı səkkiz saatdan, həftəlik normal iş vaxtı isə 40 saatdan artıq ola bilməz. Beşgünlük iş həftəsi bir qayda olaraq əsas iş rejimi kimi müəyyən edilib.
2026-cı il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1922 saat təşkil edəcək. Altıgünlük iş həftəsi tətbiq edilən iş yerlərində də 40 saatlıq iş həftəsində çalışan işçilər üçün eyni norma - 1922 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.
İş vaxtı norması və istehsalat təqvimi ilə bağlı daha ətraflı məlumatı nazirliyin rəsmi internet saytının "İstehsalat təqvimləri" bölməsindən (https://sosial.gov.az/az/faydali/istehsalat-teqvimi) əldə etmək mümkündür.
