Ötən il Azərbaycanda reklama 57 milyon manat xərclənib. Bu, 2012-ci ildəkindən 22% çoxdur.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) 2013-cü ildə reklam şirkətlərinin gəlirlərini açıqlayıb.
DSK-ya görə, 2013-cü ildə gəlirlərin çoxu (34 mln. manat) reklam planlanması, yaradılması və yerləşdirilməsinin payına düşüb – (+21,3%). Yer və vaxt satışı və icarəsindən gəlirlər 16,6 mln.manat (36,3%), reklam materiallarının yayılması və çatdırılmasından gəlirlər 4,7 mln. manat (+7%) olub.
Reklam şirkətlərinin xərcləri 55 mln. 355 min manat təşkil edib. Xərc artımı gəlir artımına uyğundur. Reklam şirkətləri 3 milyon 681 min manat mənfəət əldə edib. Bu, 2012-ci ildəkindən 544 min manat çoxdur.
2013-cü ildə reklam şirkətləri istehlakçılarla 66 mln. manatlıq 2339 müqavilə bağlayıb. Əvvəlki illə müqayisədə müqavilə intensivliyi 9,7% artıb.
Bir neçə il əvvəl ən çox reklam televiziyada verilirdi. Son illər internetin payı artıb. Çap mətbuatının payı isə azalır. Nəqliyyatda reklam aktivləşib.