2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan sığortaçıları tərəfindən 212 milyon manat sığorta mükafatı toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14 milyon manat və ya 7,1 faiz çoxdur.
Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü mətbuat konfransında Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov bildirib.
Onun sözlərinə görə, ilin birinci yarısında sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövrünə nisbətən artıb:
“Bu ilin hesabat dövründə sığorta ödənişlərinin həcmi 65,4 milyon manat olub ki, bu da 2013-cü ilin yanvar-iyun aylarının göstəricisindən 7,3 milyon manat və ya 12,6 faiz çoxdur”.
Bayramovun sözlərinə görə, hesabat dövründə sığorta yığımlarının hər 100 manatına 30,9 manat ödəniş düşüb.
ASA rəhbəri deyib:
“Ötən ilin yanvar-iyun aylarında bu göstərici 29,3 manat idi”.
Xatırladaq ki, Azərbaycanda 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərir.(Trend).