Nazirlər Kabineti “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin (“MNTM” QSC) Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Cəmiyyətin nizamnamə kapitalı 3 000 000 (üç milyon) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur.
"Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin əsas məqsədi nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Cəmiyyət bu məqsədlərə nail olmaq üçün bir neçə istiqamətdə fəaliyyət göstərəcək.
Bura nüvə elmləri və texnologiyalarının gələcək inkişafı üçün, tədqiqat nüvə reaktoru da daxil olmaqla, lazımi texniki bazanın yaradılması və istismarının təşkil edilməsi, dinc məqsədlərlə Azərbaycan ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, dinc məqsədlərlə nüvə materiallarını zənginləşdirmə texnologiyalarının yaradılması daxildir.