Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial media hesabında məlumat verib.
Onun sözlərinə görə, Bakıdan yola salınan 1 300 ton Azərbaycanın "Aİ-95" markalı benzinini daşıyan yük qatarı artıq Ermənistandadır.
O qeyd edib ki, neft məhsulları daşıyan 22 vaqon Gürcüstan-Ermənistan sərhədini keçib.
Papoyanın sözlərinə görə, bu, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasından sonra, eləcə də bütövlükdə müstəqillik dönəmində ilk ticarət və iqtisadi sövdələşmədir.
Qeyd edək ki, dünən Biləcəri stansiyasından Azərbaycan neft məhsullarının ilk partiyası Ermənistana göndərilib.
Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq qonşu ölkəyə yerli mənşəli neft yükünün tədarükü həyata keçirilir.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, gecə saat 1 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton "Aİ-95" markalı avtomobil yanacağı dörd saat sonra Gürcüstana yola salınıb.
Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana gedən tədarükü Ağstafadan Gürcüstana yola salınır.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, Bakı Yük Stansiyasından yola düşən qatar gecə saatlarında Böyük Kəsik stansiyasına daxil olub.
Qatar stansiyada yoxlanılandan sonra Gürcüstana, daha sonra isə Ermənistana gedəcək.
Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı Yük Stansiyasından Biləcəri stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə axşam saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.
Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən, SOCAR tərəfindən istehsal edilmiş "Aİ-95" markalı 22 vaqon benzin bu gün yola salınacaq.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq.
Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: "Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin".
Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.