Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinə beynəlxalq səviyyədə audit, vergi və məsləhət xidmətləri göstərən ABŞ-ın “Grant Thornton International” şirkətinin Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə iqtisadi fəaliyyəti təşviq edən nəşrlərin buraxılması niyyəti barədə məlumat daxil olmuşdur.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən Oxu.Az-a daxil olan məlumata əsasən, bu məsələ ilə bağlı şirkətin ölkədəki nümayəndəliyinin rəsmisi nazirliyə dəvət edilmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin milli qanunvericiliyə, o cümlədən, vergi, gömrük, maliyyə, sahibkarlıq, miqrasiya qanunvericiliyinə görə məsuliyyət tədbirlərinə səbəb olduğu ətraflı izah edilmiş, “Grant Thornton International” şirkəti tərəfindən belə hallara yol verilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılmış və bu barədə şirkətin mərkəzi ofisinin məlumatlandırılması tələb edilmişdir.
Bununla yanaşı, “Grant Thornton International” şirkətinə Azərbaycanın mövqeyini əks etdirən məktub da göndərilmişdir.
Görülmüş tədbirlərin nəticəsi olaraq, qaldırılan məsələnin şirkətin mərkəzi ofisində ən yüksək səviyyədə müzakirə edilməsi və Azərbaycan tərəfinin narahatçılığının anlayışla qarşılanması, gələcəkdə bununla bağlı hər hansı təşviq və təbliğ xarakterli işin aparılmayacağı və “Dağlıq Qarabağ” adı altında hər hansı biznes bələdçisi, yaxud digər nəşrin buraxılmayacağı “Grant Thornton International” şirkəti tərəfindən rəsmi olaraq bildirilmişdir.
İqtisadiyyat və Sənaye Nazirliyi bir daha beynəlxalq şirkət və təşkilatların diqqətinə çatdırır ki, Azərbaycanın işğal edilmiş ərazilərində hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir və bu kimi hallara qarşı ciddi məsuliyyət tədbirləri görüləcəkdir.