Fevral ayının 10-da Çindən Gürcüstana ilk yük qatarı çatıb.
İlk birbaşa dəmiryolu yük qovşağının təqdimatı Varketil konteyner terminalında baş tutub.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Georgi Kvirikaşvili, “Gürcüstan dəmir yolu” SC-nin baş direktoru Mamuka Baxtadze, Çin, Qazaxıstan və Azərbaycan səfirləri, əməkdaşlıq fondunun nümayəndələri və daşıma şirkətləri iştirak ediblər.
Dəmiryolu qatarlarının yüklənməsi Çində 2015-ci ilin yanvar ayının 29-da olub, fevral ayının 6-da isə Gürcüstanda yük boşaldılıb.
Layihə Gürcüstan, Qazaxıstan və Azərbaycan dəmir yollarının sıx əməkdaşlığı və Çinin Sinszyan əyalətinin vasitəçiliyi nəticəsində həyata keçirilib.
Təqdimatda qeyd edildiyi kimi, yeni Trans-Asiya-Qafqaz qatarı yüklərin daşınması zamanını beş dəfə qısaldır.
Dəniz vasitəsilə nəqletmə zamanı 40-45 gün vaxt lazım olurdusa, dəmir yolu ilə Çindən Gürcüstana yük 9 gün ərzində çatdırılır.
Gürcüstan limanlarından bu yük artıq Avropa ölkələrinə və Qara dəniz hövzəsi ölkələrinə çatdırılacaq.
Onun sözlərinə görə, gələcəkdə Bakı-Tbilisi-Qars layihəsi bitdikdən sonra vahid böyük infrastruktur yaradılacaq.
Xatırladaq ki, yanvar ayının 28-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın baş naziri, Gürcüstanın iqtisadi və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ilk test qatarının işə düşməsində iştirak ediblər.
Bu günlərdə gürcü naziri Georgi Kvirikaşvili bəyan edib ki, Bakı-Tbilisi-Qarsın ilin sonuna istismara verilməsi üçün bütün şərtlər mövcuddur.
Bakı-Tbilisi-Qars tam gücü ilə işləməyə başladıqda, Azərbaycanın Şərq və Qərb arasında yükdaşımalarda nəqletmə mahiyyəti dəfələrlə artacaq.