“Avro 4” standartına keçid gömrük tariflərinin yüksəlməsinə təsir etməyəcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yeni tariflər mütləq avtomobil rüsumlarının qiymətlərinə təsir etməyəcək:
“Söhbət əlavə dəyər vergisindən gedir. Mənə elə gəlir ki, rüsumların tariflərində elə də ciddi dəyişiklik gözlənilmir. “Avro 4”-ə cavab verən maşınların qiymətləri aydın məsələdir ki, “Avro 2”-dən daha yüksəkdir. Bu isə öz-özlüyündə tənzimlənəcək. Düşünürəm ki, məhz buna görə büdcə proqnozunun yerinə yetirilməsində problemlə üzləşməyəcəyik”.
Aydın Əliyev yeni standartlara keçid və köhnə avtomobillərin tədricən aradan çıxmasının tıxacların aradan qaldırılmasına kömək edəcəyini də deyib:
““Avro 4”-ə keçməyimiz onu göstərəcək ki, idxal olunan avtomobillərə tələblər artır. Bu standartlara keçidlə eyni zamanda, ekologiyanı qoruyacağıq. Həmçinin mənə elə gəlir ki, köhnə avtomobillərin tədricən aradan qaldırılması tıxacların azalmasına səbəb olacaq. Eyni zamanda, yol hərəkətinin daha intensiv hərəkətinə imkan yaranacaq. Bildiyiniz kimi, artıq Avropada “Avro 5”-dən “Avro 6”-ya keçid olunur. Biz inkişaf etmiş ölkəyik və mənə elə gəlir ki, qəbul olunan qərarlar tamamilə düzdür”.