2015-ci ilin 9 ayının yekunu üzrə Azərbaycan dövlət büdcəsinin kəsiri 92,1 milyon manat (ÜDM-in 0,2%-i) təşkil edib. Halbuki ötən ilin analoji dövründə büdcə 1,38 milyard manat profisitlə icra edilmişdi.
Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan hökumətindən bildiriblər.
Azərbaycanın dövlət büdcəsi ardıcıl 7 aydır kəsirlə icra olunur.
Yanvarda dövlət büdcəsinin profisiti 421,6 milyon manat (ÜDM-in 11,6%-i) təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu, 16,9 dəfə artıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 61,8% üstələyir.
Yanvar-martda büdcə ötən ildəki 108,4 milyon manat profisitə qarşı 251 milyon manat kəsirlə, yanvar-apreldə 402,6 milyon manat profisitə qarşı 822,5 milyon manat kəsirlə, yanvar-mayda 654,5 milyon manat profisitə qarşı 905,8 milyon manat kəsirlə, yanvar-iyunda 615 milyon manat profisitə qarşı 770,9 milyon manat kəsirlə, yanvar-iyulda 774 milyon manat profisitə qarşı 595,7 milyon manat kəsirlə, yanvar-avqustda isə 938,4 milyon manat profisitə qarşı 127 milyon manat kəsirlə icra edilib.
2015-ci ilin 9 ayı ərzində Azərbaycan dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolamalar 12,07 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,2% azdır. Dövlət büdcəsinin xərcləri 4,2% azalmaqla 12,16 milyard manat təşkil edib.
Daxilolmalar strukturunda 42,2% (5,09 milyard manat) Vergilər Nazirliyinin xətti üzrə təmin edilib. Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1,12 milyard manat (9,3%) köçürüb. Qeyd edilən dövrdə vergi daxilolmaları 4,7%, gömrük ödənişləri isə illik hesablamada 0,9% azalıb.
Dövlət büdcəsinin məxaric strukturunda 39,4% və ya 4,79 milyard manat iqtisadi fəaliyyətlə bağlı xərclərin payına düşüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 12,5% və ya 687,1 milyon manat azdır. Bu məbləğin 4,01 milyard manatı (12%azalma ilə) sənaye, tikinti və faydalı qazıntılar sahələrinə, 317,2 milyon manatı isə (14,5% azalma ilə) kənd təsərrüfatı, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsinə ayrılıb.
2015-ci ilin yanvar-sentyabr aylarında sosial təminat və müdafiə ilə bağlı xərclərin payı 2% azalma ilə 11,8% (1,43 milyard manat), səhiyyə ilə bağlı xərclər isə 0,9% artımla 3,7% (454 milyon manat) olub.
Qeyd edək ki, 2015-ci il dövlət büdcəsinin gəlirləri 19,438 milyard manat, xərcləri isə 21,1 milyard manat həcmində təsdiq edilib. Büdcə proqnozları 1 barel neftin 90 dollar qiyməti əsasında formalaşdırılıb.