"Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafı ilə yanaşı neft və təbii qazın inkişafına da eyni dərəcədə üstünlük verən balanslaşdırılmış enerji siyasəti həyata keçirir".
Oxu.Az xəbər verir ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən OPEC+ Əməkdaşlıq Xartiyasının (Charter of Cooperation - CoC) Texniki Komitəsinin ilk iclasında deyib.
O bildirib ki, məqsədləri bir enerji mənbəyini digərinə qarşı qoymaq deyil, onların bir-birini tamamlaması prinsipi əsasında dayanıqlı enerji sistemi qurmaq, bütün enerji resurslarını şaxələndirilmiş və etibarlı ixrac marşrutları vasitəsilə beynəlxalq bazarlara çatdırmaqdır:
"Son illərdə baş vermiş enerji böhranı açıq şəkildə göstərdi ki, enerji təhlükəsizliyi ayrı-ayrı enerji mənbələrinə arxalanmaqla deyil, bütün enerji növlərinin balanslı inkişafına əsaslanan siyasətlə təmin oluna bilər. Bu baxımdan Prezident İlham Əliyevin enerji təhlükəsizliyi ilə enerji keçidi arasında düzgün tarazlığın qorunmasına dair baxışı xüsusi aktuallıq kəsb edir. Bu gün Azərbaycan Avropa və Asiyada yerləşən 20-yə yaxın ölkəyə neft tədarük edir. Kondensat da daxil olmaqla gündəlik orta neft hasilatımız 553 min barel, gündəlik neft ixracımız isə 445 min barel təşkil edir".
Nazir qeyd edib ki, Azərbaycanın strateji əhəmiyyəti istehsal etdiyi enerji həcmi ilə deyil, regionları və bazarları etibarlı şəkildə birləşdirmək bacarığı, tərəfdaşlarının enerji təhlükəsizliyinə verdiyi töhfə və etibarlı tərəfdaş kimi qazandığı etimadla ölçülür:
"Bu etimad OPEC+ çərçivəsində fəal iştirakımız sayəsində daha da möhkəmlənir. Azərbaycanın enerji siyasəti OPEC+ platformasının əsas məqsədləri ilə tam uzlaşır. OPEC+ yalnız hasilatın tənzimlənməsi mexanizmi deyil, bu platforma həm də qlobal neft bazarında sabitliyin qorunmasına, hasilatçı və istehlakçı ölkələrin maraqları arasında balansın saxlanmasına töhfə verən mühüm əməkdaşlıq mexanizmidir".