2014-cü ilin yanvar ayında Azərbaycana idxal olunmuş yeyinti məhsullarından 25,09 mln. dollar və ya 4,69% buğdanın payına düşür, bu isə ötən ilin ilk ayının idxalına nisbətən 181,85% təşkil edir.
Oxu.Az xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsinin (DGK) bu ilin yanvar ayının hesabatında göstərilib.
Ümumilikdə, yeyinti məhsulların idxalı yanvarda 14% təşkil edib. Bu malların ümumi dəyəri 74,93 mln. dollar məbləğində olub. Bunların içində, buğdadan başqa, şəkər – 12,02 mln. dollar (2,25%), bitki və heyvan mənşəli yağlar – 9,2 mln. dollar (1,72%), meyvə-tərəvəz – 3,58 mln. dollar (0,67%), kərə yağı – 0,89 mln. dollar (0,17%), süd – 0,63 mln. dollar (0,12%) və ət – 0,47 mln. dollar (0,09%) olub.
DGK-nın məlumatına görə, yanvarda Azərbaycanın idxalında birinci yeri maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri tutur – 31,66% (169,42 mln. dollar). Bu göstərici, ötən ilin yanvar ayına nisbətən 4,12% artıb.
Bundan əlavə, yanvarda qara metallar və onlardan hazırlanan məmulatlar idxalda 11,12% (59,52 mln. dollar), nəqliyyat vasitələri – 8,96% (47,95 mln. dollar), tütün məmulatları – 4,72% (25,27 mln. dollar), plastmas - 2,32% (12,43 mln. dollar), əczaçılıq məhsulları – 2,11% (11,29 mln. dollar), sement – 1,92% (10,30 mln. dollar), oduncaq – 1,96% (10,5 mln. dollar), mebel – 0,78% (4,19 mln.dollar), digərləri isə - 20,45% (109,33 mln. dollar) təşkil edib.
Ümumilikdə, yanvar ayında Azərbaycana 535,13 mln. dollarlıq əsas mallar idxal olunub.
Gülnarə Zeynalova
www.oxu.az