Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov türkiyəli həmkarı Binəli Yıldırımın dəvəti əsasında bu ölkəyə səfər edib.
Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun Oxu.Az-a bildirdiyinə görə, 5-7 sentyabr tarixlərində baş tutacaq səfər çərçivəsində nazir Ziya Məmmədov Türkiyənin İstanbul şəhərində 11-ci Beynəlxalq nəqliyyat, dənizçilik və kommunikasiya forumunda iştirak edəcək.
Namiq Həsənovun sözlərinə görə, səfər çərçivəsində Z.Məmmədov həm türkiyəli həmkarı Binəli Yıldırım, həm də tədbirə qatılmış digər yüksək səviyyəli qonaqlarla ikitərəfli görüşlər keçirəcək.
“Səfər çərçivəsində müzakirə olunacaq əsas məsələlər arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Türkiyə və Azərbaycan arasında nəqliyyat əlaqələri, o cümlədən dəniz nəqliyyatı əlaqələri var” - deyə, mətbuat katibi bildirib.
N.Həsənov onu da vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında nəqliyyat sahəsində qarşılıqlı görüşlər daim müsbət dinamika ilə nəticələnir.
“Səfərin nəticəsi olaraq BTQ-nin gedişində, Türkiyə-Azərbaycan arasında avtomobil nəqliyyatı ilə yük daşınmalarında müsbət dəyişikliklər, impulslar gözləyirik” – deyə, o, vurğulayıb.