Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində dəyişiklik olması barədə yayılan xəbərləri təkzib edib.
Oxu.Az xəbər verir ki, XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında bildirib ki, 1 sentyabr 2014-cü il tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydasının ləğv edildiyi barədə məlumat yanlış və əsassızdır, həqiqəti əks etdirmir.
E.Abdullayev deyib ki, vizaların verilməsi qaydalarında hər hansı dəyişiklik yoxdur: “Əksinə, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejimi tətbiq olunub. KİV-lər bu cür yanlış, əsassız və yoxlanılmamış məlumatların yayılmasına yol verməməlidirlər”.
Azərbaycanın Türkiyədəki səfirliyi də məsələ ilə bağlı açıqlama yayaraq qeyd edib ki, Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş viza rejiminin tətbiqində heç bir dəyişiklik olmamaqla, iki qardaş ölkə arasında mövcud sadələşdirilmiş viza rejimi bu günə qədər tətbiq olunduğu qaydada davam etdirilir: “Viza rejiminin dəyişdirilməsinə dair səfirliyin mətbuat xidmətinə istinadla yayılmış məlumatlar siyasi təxribat xarakterli şayiədən başqa bir şey deyil”.
Qeyd edək ki, mətbuatda 2014-cü il 1 sentyabr tarixindən etibarən Azərbaycanla Türkiyə arasında qüvvədə olan bir illik və çoxgirişli Azərbaycan vizası verilməsi qaydasının ləğv edildiyi haqda məlumat yayılıb. Məlumatda qeyd edilib ki, yeni qaydaya əsasən, Türkiyə vətəndaşları 1 illik viza ilə Azərbaycana yalnız bir dəfə səfər edə bilər. Bu günə qədər ildə bir dəfə viza alan Türkiyə vətəndaşları bundan sonra bir ayda 3, bir ildə isə 40 dəfə viza almaq məcburiyyətində qalıblar.
15:47
Azərbaycanın bu gündən etibarən 1 illik və çox girişli vizanı ləğv edərək, əvəzində tək səfərlik viza tətbiq etməsi Türkiyədə etiraza səbəb olub.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) İdarə heyəti sədri Fatih Şener prezident Ərdoğanın Bakıya səfər etdiyi gündə bu qanunun tətbiqini şanssızlıq kimi dəyərləndirib. F.Şener yeni qaydaların Türkiyənin 500 milyard dollarlıq ixracatına zərər verəcəyini açıqlayıb:
“Cənab prezidentimizin bizim üçün inanılmaz bir addım olan Rusiya vizasını qaldırdığı kimi bu səfərində də Azərbaycanla olan vizanı qaldırmasını istəyirik”.
Məlumatda qeyd olunur ki, Türkiyə Azərbaycan vətəndaşlarına 30 gün ərzində ölkəsinzə vizasız giriş imkanı verdiyi halda, bu günə qədər Türkiyə vətəndaşlarından ildə bir dəfə viza alan Azərbaycan sentyabrın 1-dən etibarən qaydaları daha da sərtləşdirib.
Belə ki, yeni qaydalarla türk sürücülər bir ayda ən azı 3 dəfə viza almalı olacaqlar. Bununla da Türk sürücülər Azərbaycana ay ərzində ortalama 3 dəfə səfər etməli olsalar, bunun üçün ildə ən azı 40 dəfə viza almalı olacaqlar.
Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında sadələşdirilmiş viza dünəndən qüvvəyə minib və yeni vizanın qiyməti 35 avrodur.