Çin ixracının 8,3% aşağı düşməsi səbəbi ilə əlaqədar adıçəkilən ölkənin Mərkəzi Bankı tərəfindən ölkənin əsas pul vahidi sayılan yuan son üç ildə ən aşağı səviyyəyə qədər devalvasiya edilib.
Belə ki, Çinin əsas ticarət tərəfdaşları olan – Avropa, ABŞ və Yaponiyadan olan tələbat azalıb.
“Çin mallarının ticarəti yüksək artım yaratdığı üçün yuanın səmərəlilik kursu digər dünya valyutaları ilə müqayisədə əvvəlki kimi güclüdür, ona görə də milli bazarı dəstəkləmək üçün milli valyutanın devalvasiyası haqqında qərar qəbul etmək lazım idi”, - Çin tənzimləyicisinin bəyanatında deyilir.
Tənzimləyici avqustun 10-da - bazar ertəsi yuanın dollara nisbətdə “orta mübadilə kursunu” 6,1162-yə qarşı 6,2298 təyin edib.
Azərbaycan Çinin əsas ticarət tərəfdaşı olmasa da, devalvasiyaya qədər iki ölkə arasındakı ticarət əlaqələri barəsində bilmək maraq doğura bilər.
Oxu.Az məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, 2015-ci ilin 7 ayında bu ölkədən Azərbaycana 294 milyon 165,02 min dollar dəyərində məhsul idxal olunub.
Bu da 2014-cü ilin anoloji dövrü ilə müqayisədə, 76 milyon 734,14 min dollar və ya 20,6 % azdır.
Bundan başqa, Azərbaycandan isə bu ölkəyə 2015-ci ilin yanvar-iyul ayları ərzində 32 milyon 425,13 min dollar dəyərində məhsul ixrac olunub.
Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə, 3 milyon 127,96 min dollar çoxdur.
Ülviyyə R. Əli
www.oxu.az