Bu ilin I rübündə Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5% artaraq 9,1 mlrd. manata çatıb.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat və ya ayda 323,1 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2% bəndi üstələyərək 3,2% olub.
Gəlirlərin 70,9%-i son istehlaka, 8,6%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,2%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,3%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan gəlir 8,3 mlrd. manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 4,8% artıb.