“Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir. Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur.
Bu barədə Oxu.Az-a “Azercell” şirkətindən bildiriblər.
Qeyd edək ki, bu gün mətbuatda gedən yazılarda “Azercell”in şirkətə qarşı aparılan təhqiqat işi ilə əlaqədar bağlanacağı iddia olunurdu.
Şirkətin koorporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya bildirib ki, “Azercell Telekom”a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil.
“İsveç prokurorluğu “Bloomberg” agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan etdi”, - deyə o qeyd edib.
Təmsil etdiyi şirkətin lisenziyasının müddətinin ilin sonunda başa çatacağı barədə yazıları şərh edən Şıxlinskaya bildirib ki, 1 iyun 2016-cı il tarixindən qüvvəyə minən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud lisenziyaları qeyri-məhdud müddətə uzadılmış hesab edilir.