2021-ci ilin doqquz ayın yekununda Azəri-Çıraq-Günəşli yatağından gündəlik orta hesabla 461 000 barel və ya ümumilikdə təxminən 126 milyon barel, yəni 17 milyon ton neft hasil edilib.
“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, bu ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azdır.
Müvafiq dövrdə “Çıraq” platformasından gündəlik 29 000, “Mərkəzi Azəri” platformasından 109 000, “Qərbi Azəri” platformasından 115 000, “Şərqi Azəri” platformasından 77 000, “Dərinsulu Günəşli” platformasından 87 000 və “Qərbi Çıraq” platformasından 44 000 barel neft hasil edilib.
2021-ci ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə 398 milyon dollardan artıq əməliyyat məsrəfləri və təxminən 1 milyard 243 milyon dollar əsaslı məsrəflər xərclənib. Əməliyyat məsrəfləri 0,3 faiz, əsaslı xərclər isə 11,1 faiz azalıb.
AÇG-nin illik iş proqramı çərçivəsində bu il iki platformada (ikinci rübdə “Qərbi Azəri”də və üçüncü rübdə “Çıraq” platformasında) planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib.
Üçüncü rübün sonunda AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 30 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Eləcə də, 7 neft hasilatı və 3 injektor quyusu qazılıb.
AÇG-də iştirak payları: BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), İNPEKS (9,31 faiz), Ekvinor (7,27 faiz), EksonMobil (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş Limited (OVL) (2,31 faiz).
Nigar Məmmədova