“1945-ci ildə Mircəfər Bağırov Stalinə: “Azərbaycanın Böyük Vətən müharibəsində töhfəsi olub, bizə nəsə hədiyyə etməlisən”, - deyir. Stalinin “nə istəyirsən?” sualına cavab isə: “Təbriz”, - olur. Buna etiraz edilmir və 1945-ci ildə Bağırovun arzusu ilə Təbrizə qoşun yeridilir. Lakin məsələnin kökündə nə dayandığını heç kəs bilmir. Bu zaman Azərbaycanın birləşməsinə mane olmaq istəyən Anastas Mikoyan Stalinə bu qərarı ilə SSRİ-nin cənubunda böyük müsəlman dövlətini yaradacağını bildirir və Stalin fikrindən daşınır. Nəticədə qoşunlar Təbrizdən çıxarılır.
Daha sonra Bağırov Dərbəndi istəyir, buna da Mikoyan mane olur. Bununla da Bağırovun Stalindən “hədiyyə” olaraq istədiyi heç nəyin reallaşmasına imkan verilmir.
Həmin vaxt xalq arasında Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağaqurban Əliyev Mircəfər Bağırova maraqlı bir təkliflə müraciət edir.
“Xəzər dənizində, Qara Daşlarda neft var, çoxdur və çıxartmaq da mümkündür. Əgər bunu indi edə bilməsək, Qara Daşlara başqaları sahib çıxacaq. Bu, Azərbaycana 100 il sonra lazım olacaq”, - deyir.
Bağırov Ağaqurban Əliyevin təklifini bəyənir və onu məruzəsini etmək üzrə Moskvaya göndərir. A.Əliyev burada təklifi ilə çıxış edir, lakin buna da Mikoyan etiraz edərək Bağırovun yenicə müharibədən çıxmış SSRİ-nin olan-qalan pullarını dənizə tökmək istədiyini deyir. Nəticədə, Ağaqurban Əliyev iclasdan qovulur və Bakıya gələn kimi onu Bağırovun yanına aparırlar.
M.Bağırov əsəbi halda ondan iclasda nə dediyini soruşur, “sənə nə demişəmsə, onu da dedim” cavabını alır.
“Qara Daşlarda neft var, çoxdur və çıxartmaq da mümkündür”. İlk başda çılğınca səslənən bu ideya Bağırova real görünür və o, Ağaqurban Əliyevə ekspedisiya verir, həmçinin heç kimə hesabat vermədən işinə başlamasını tapşırır. Bu məsələ ilə bağlı Bağırovla Stalin razılığa gəlirlər. Razılığa əsasən, hər şeyə nəzarəti Bağırov öhdəsinə götürür və Stalindən bu barədə dəstək istəmir. Beləliklə, Qara Daşlarda qazıntılara başlanılmasına mane olmamaq bir növ Stalinin Bağırova hədiyyəsi olur...”

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinə getmək üçün gəmidə idik. İki saata qədər sahəyə çatmağı planlaşdırmışdıq. Gəmidə Neft Daşlarında uzun müddət çalışmış şəxslərlə danışarkən söhbət əsnasında Qara Daşlarda hasilata başlanılması ilə bağlı bu əhvalatı dinlədim.

Çox yox, Bakıdan cəmi 100 kilometr uzaqlaşdıqdan sonra Qara Daşlara ayaq basacaqdıq.

Dünyada açıq dənizdə neft ilk dəfə Neft Daşlarında çıxarılıb. 1945-1948-i illərdə geoloq Ağaqurban Əliyevin rəhbərliyi ilə SSRİ Elmlər Akademiyasının xüsusi ekspedisiyası Neft Daşlarının geoloji xəritəsini işləyib hazırlayır.

1948-ci ildə qazılacaq ilk quyunun yeri müəyyənləşir və sərt qayalarda, dirəklərin üstündə ilk taxta evciklər inşa edilir. 1949-cu ildə isə ilk buruq quraşdırılır və kəşfiyyat quyusunun qazılmasına başlanılır.

Nəhayət, 7 noyabr tarixində quyu neft fontanı vurur və bununla da dünyada ilk açıq dənizdə neft çıxarılmasının əsası qoyulur. Bu bir il ərzində Azərbaycana qarşı görülməmiş təzyiqlər daha da artır.

Bütün SSRİ Bakıda, dənizin ortasında görülən işləri heyrətlə izləyir. 1949-cu ildə ilk fontan vuranda bütün dünyanın Neft Daşlarına marağı artır. Sən demə, dənizin ortasında da neft çıxartmaq olarmış...

Neft Daşlarından ilk dolu tanker 1951-ci ilin fevral ayında yola salınıb. Buna baxmayaraq, 1967-ci ilə qədər Moskvaya layihənin dayandırılması ilə bağlı “donos”lar gedir. Guya Azərbaycan Sovetin pulunu göyə sovururmuş, lakin 1967-ci ildə Neft Daşlarında ən böyük hasilat (il ərzində 7,5 milyon ton) qeydə alınır və bununla da şikayətlər dayanır.

İki saata yaxın gəmi səfərindən sonra nəhayət Neft Daşlarına çatırıq. Bura nəhəng hörümçək torunu xatırladan 220 kilometr uzunluğu olan estakadalardan ibarətdir. İdarədə iki yatağın işlənməsi həyata keçirilir.

NQÇİ-də “Neft Daşları” yatağı ilə bərabər, “Palçıq Pilpiləsi” yatağı da istismar olunur. Hər iki yataq mürəkkəb geoloji quruluşlu olmaqla, yüksək karbohidrogen ehtiyatlarına malikdir. Burada neft ilə yanaşı qaz da hasil edilir.

Neft Daşları kiçik bir qəsəbəni xatırladır. “Möcüzələr Adası”nda hərəkət, demək olar ki, dayanmır. Gəmilər gəlir-gedir, qəsəbə dolur, boşalır.

Neft Daşlarında sərnişin və yükdaşıma ilk illərdə gəmilərlə olub. Yalnız 1960-cı ildə ilk dəfə buraya vertolyot uçuşu həyata keçirilib.

Qara Daşlarda estakadaların və estakadayanı meydançaların tikintisinə və yaşayışı təmin edəcək infrastrukturun qurulmasına 1950-ci illərdən başlanılıb.

Neft Daşları yaxın ərazilərdə digər yataqların da işlənməsinə təkan verib. Ümummilli lider Heydər Əliyev Neft Daşlarını XX əsrdən XXI əsrə atılmış bir körpü adlandırıb. Qara Daşlar Xəzərin dərinliklərindəki digər neft yataqlarına keçid etmək üçün istinad nöqtəsini təşkil edib.

Azərbaycanda quru ilə əlaqəsi olmayan ərazidə neftçıxarmanın təməli, demək olar ki, Qara Daşlardan qoyulub. Bu cəhətdən Neft Daşlarındakı fəaliyyət həm də “Əsrin Müqaviləsi”nin bağlanmasına əsas verib. Çünki bir əsr bundan əvvəl dənizin ortasında belə bir layihənin həyata keçirilməsi bütün dünyaya səs salmışdı. Bu məqamda Ağaqurban Əliyevin “Neft Daşları bizə 100 il sonra lazım olacaq” fikri yerini düşür.

Neft Daşlarını dünyanın səkkizinci möcüzəsi də adlandırırlar. Dünyanın müxtəlif ölkələrindən olan aparıcı şəxslər Bakıya səfərləri zamanı mütləq Neft Daşlarında olmaq istəyiblər.

Nigar Məmmədova
FOTO: Tapdıq Abdullayev