Nyu-Yorkda elan edilmiş qarlı qasırğalı hava şəraiti Bakı-Nyu-York avia reyslərinin cədvəlinə heç bir təsir etməyib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Hava Yolları (AZAL) şirkətindən bildirilib.
“Bu gün səhər saat 06:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Nyu-York istiqamətinə uçuş həyata keçirilib. Təyyarə saat 06:14-də havaya qalxıb”, - deyə şirkət nümayəndəsi bildirib.
Qeyd edək ki, bu gündən etibarən Nyu-Yorkda şəhərin tarixində ən güclü qarlı qasırğanın olacağı proqnoz edilib. Bəzi beynəlxalq avia şirkətlər hava proqnozu ilə əlaqədar artıq Nyu-Yorka reysləri təxirə salıb.
Xatırladaq ki, Bakı-Nyu-York avia reysləri həftədə 3 dəfə (1, 3, 6-cı günlər) həyata keçirilir.