Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakı Olimpiya Stadionunda COP29-la bağlı müvəqqəti gömrük nəzarət zonası yaradılıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) gömrük məsələləri ilə bağlı müəyyən edilmiş tapşırıqlarla əlaqədar Dövlət Gömrük Komitəsində "COP29 - Gömrük Komissiyası" yaradılıb və "Dövlət Gömrük Komitəsi tərəfindən görüləcək işlərə dair Tədbirlər Planı" hazırlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, tədbirlər planına uyğun olaraq, sürətli sərhəd keçidinin və rəsmiləşdirilmənin təmin edilməsi, təmassız yoxlamaların həyata keçirilməsində texnologiyaların istifadə edilməsi, məlumatlandırma və maarifləndirmə istiqamətində müvafiq işlər həyata keçirilib.
Tədbirin təşkili məqsədilə gətirilən material və avadanlıqların rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı Olimpiya Stadionunun ərazisində "COP29 - müvəqqəti gömrük nəzarət zonası" yaradılıb və orada fəaliyyət göstərən əməkdaşlar müəyyənləşdiriliblər.
"Ölkəmizə səfər edən şəxslərin özləri ilə gətirəcəkləri əşyaların elektron qaydada öncədən bəyan edilməsi prosesində təkmilləşdirilmələr aparılıb. Belə ki, sadələşdirilmiş gömrük bəyannamələrinin daha asan və sürətli tərtib edilməsi məqsədilə komitənin müvafiq portalında media nümayəndələri üçün mal adlarının qısa yol keçidləri hazırlanıb, həmçinin bəyannamələrin təsdiqinin QR-kodla həyata keçirilməsi mexanizmi yaradılıb", - deyə məlumatda qeyd edilir.
Təhlükəsizliyin gücləndirilməsi məqsədilə gömrük orqanları son texnoloji imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil və stasionar yoxlama baxış sistemləri, baqaj yoxlama cihazları və digər texniki nəzarət vasitələri ilə təmin edilib.
Bundan başqa, tədbir iştirakçılarının və ölkəmizə gələn qonaqların gömrük qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrük sərhədindən keçirilən mallarla bağlı qanunvericiliyin tələblərinə dair məlumatlandırıcı və izahedici videoçarxlar hazırlanaraq komitənin rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin cop29.az rəsmi internet saytına inteqrasiya olunub.
Eyni zamanda, gömrük əməkdaşları üçün zəruri sahəvi biliklərin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində təlimlər keçirilib.
"COP29" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT