Qarsda cümə axşamı “Bakı-Tiflis-Qars” (BTQ) dəmir yolu layihəsinin ilk qaynaq işlərinin aparılması mərasimi təşkil olunub.
Bu barədə Oxu.Az Anadolu agentliyinə istinadən məlumat verir.
Mərasimdə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili iştirak ediblər.
Binəli Yıldırımın sözlərinə görə, BTQ layihəsi gerçəkləşdirildikdən sonra hər kəsə açıq olacaq:
“Bu yalnız Azərbaycanın, Gürcüstanın, Türkiyənin layihəsi deyil, bu Orta Asiya ölkələrinin, Çinin layihəsidir, Balkan ölkələrinin layihəsidir, Yaxın Şərq ölkələrinin layihəsidir, hətta Avropa Birliyi ölkələrinin layihəsidir. Bölgənin, ölkəmizin rifahı daha da artacaq. Birlikdə daha çox iş görəcəyik”.
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun sözlərinə görə, bu layihədə çalışan bütün insanlar çox böyük tarixi bir iş görürlər:
“Burada insanlar bir bölgədən digərinə getmək üçün imkanlar əldə edəcəklər. Yüklərin daşınması üçün iqtisadiyyat dünyası və iş adamları bu dəhlizin imkanlarından istifadə edəcəklər. Öz büdcələrini zənginləşdirəcəklər”.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kvirikaşvili layihədə əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.
Kvirikaşvili qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstan üç strateji ortaqdır və layihə ilə birlikdə üç ölkənin insanları daha da yaxınlaşacaqlar.
Daha sonra üç nazir dəmir yolu xəttində ilk relslərin qaynağını ediblər.