Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində 2014-cü ilin 26 dekabr tarixində ilk sınaq qatarı hərəkətə buraxılmışdır.
Nəqliyyat nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu münasibətlə keçirilmiş tədbirdə “Marabda-Kartsaxi dəmir yolu” MMC-nin rəhbərliyi, tikintini həyata keçirən “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak etmişdir.
Sınaq uğurla keçirilmiş və qatar sərhəd stansiyasına çatdırılmışdır. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün şərait yaradılmışdır.
Layihənin tam başa çatdırılması, qeyd olunduğu kimi 2015-ci ilin sonuna nəzərdə tutulur.