Bakı şəhərinin Ziya Bünyadov prospektində aparılan avtomobil yolunun yenidən qurulması işləri çərçivəsində 4 yerüstü piyada keçidinin tikintisi planlaşdırılır. Artıq bununla əlaqədar inşaat işlərinə start verilib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə «Azəryolservis» ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, piyadaların rahatlığını təmin etmək üçün Dərnəgül şosesi üzərindən 4 yerdə yerüstü keçidlər tikiləcək:
“Hazırda burada bünövrələrin qazılması işləri aparılır. Yerüstü piyada keçidlərinin tikinti işlərinin 2014-cü ilin birinci rübündə yekunlaşdırılması planlaşdırılır”.
Qeyd edək ki, yerüstü keçidlərdən biri Z.Bünyadov prospekti,118 ünvanında («Hyundai» avtoservisi qarşısında), ikincisi Z.Bünyadov prospekti,3023-cü məhəllə ünvanında («Azpetrol» YDM yaxınlığında), üçüncüsü Ələsgər Qayıbov küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsində, dördüncüsü isə Aşqarlar Universiteti yaxınlığında inşa olunacaq.