Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda məktəbli formalarını haradan, neçəyə və necə almalı? – FOTO
2015-2016-cı il yeni dərs ilinin başlanmasına bir aydan da az bir vaxt qalıb. Artıq valideynlər məktəb üçün lazım olan ləvazimat, məktəbli formalarının axtarışındadır. Valideynlərin işbazlar tərəfindən aldadılması ehtimalı da bu halda artır.
Bildiyiniz kimi, bəzi hallarda valideynlər ya aldadılır, ya da bilərəkdən saxta məktəbli formaları alırlar. Belə malların keyfiyyəti də uzunmüddətli olmur.
Oxu.Az-ın əməkdaşları məsələnin aktuallığını nəzərə alaraq məktəbli formalarının istehsalı ilə məşğul olan Bakı Tikiş Evinə (BTE) yollanıb.
Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov bildirib ki, məktəbli formalarının qiymətləri Bakı Tikiş Evinin satış mərkəzlərinin divarlarında vurulub:
“Bütün satış mərkəzlərimizdə qiymət cədvəli divara vurulub. Qiymətlərə gəldikdə isə, 1-6 siniflər üçün kostyumun qiyməti 34 manatdır. Əgər əlavə, köynək və jilet də götürmək istəsələr bu halda onlar 12 manat da (6 manat köynək, 6 manat jiletin qiyməti) ödəməlidirlər. Yuxarı siniflər üçün isə kostyumun qiyməti 43 manat təşkil edir. Bundan başqa, köynəyin qiyməti 7, jiletin qiyməti isə 6 manatdır”.
Satış şöbəsinin rəisi bir şalvarın maya dəyərinin 15 manatdan ucuz olmadığını da qeyd edib:
“Məktəbli formaları olduğu üçün onlara minimal qiymətlər qoyulub. Qeyd edim ki, Bakı Tikiş Evinin istehsal etdiyi şalvarın qiyməti 13 manatdır. Siz bir material götürüb dərziyə yaxınlaşın. Onu 15 manatdan ucuz tikməyəcəklər. Üstəgəl əlavə material və s. qiyməti daha da bahalaşdıracaq. Eləcə də 54 ölçülü şalvarın qiyməti 43 manatdır. Bu qiymətlər kifayət qədər ucuzdur” - deyə, E.Əzimov qeyd edib.
“Saxta məktəbli formaları ilə orjinallarını necə ayırd etmək olar?” sualına cavab olaraq E.Əzimov bunları bildirib:
“Bizim parçalar Türkiyə firmasından alınır, onların da Avropa laboratoriyasının sertifikatı var. Bütün satış mərkəzlərimizdə olan məktəbli formalarının keyfiyyətinə bu gün biz cavab veririk. Bundan başqa, ölçüsündə problem olmasa bu formaları 2 il belə geyinmək mümkündür. Ona görə də, hesab edin ki, bu kostyumlara iki il müddətində heç bir şey olmur.
Bizim məktubumuzla əlaqədar olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakıxanov qəsəbəsində yerləşən “Uluxanlı” adlı müəssisədə yoxlamalar keçirdi. Həmin müəssisə istehsal etdiyi məktəbli formalarının üzərinə Bakı Tikiş Evinin loqolarını vururdular.
Onu da qeyd edim ki, 4 model forma üçün adıçəkilən komitə tərəfindən müəlliflik hüququ verilib. Bu isə ixtiyar vermir ki, Bakı Tikiş Evinin loqosundan istifadə edərək məktəbli formalarını istehsal etsinlər. Bu, müəlliflik hüququnun çox kobud şəkildə pozulmasıdır”.
Bundan başqa, Əzimov saxta məktəbli formalarının ucuz, və keyfiyyətsiz olduğunu da əlavə edib:
“Saxta məktəbli formalarının materialı çox keyfiyyətsizdir. Bizim valideynlərə, alıcılara məsləhətimiz budur ki, Bakı Tikiş Evinin Qaynar xəttinə (012- 597-45-39) müraciət edərək, satış mərkəzlərimizin ünvanlarını öyrənsinlər və oradan alsınlar. Çünki, başqa yerdən alınan məktəbli formalarının üzərində saxta yollar ilə Bakı Tikiş Evinin loqosu vurulur”.
Qeyd edək ki, dərs ilinin başlamasına az qalması ilə əlaqədar Bakı Tikiş Evinin satış mərkəzlərində valideynlərin axını çox idi. Onların bəziləri qiymətlərin yüksək olmasından narazı olsa da, digərləri artıq 6 ildir bu mağazadan mal aldıqlarını və kostyumların keyfiyyətli tikildiyini bildiriblər.
Onu da vurğulamaq yerinə düşər ki, hazırda Bakı Tikiş Evinə (BTE) məxsus 16 satış mərkəzi fəaliyyət göstərir.
Ülviyyə R. Əli
Foto: Nüsrət Abdullayev
www.oxu.az